ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasının komandası beynəlxalq yarışmanın mükafatçıları sırasında
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “Enactus” komandası ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərində (Silikon vadisi) keçirilən “Enactus” dünya kuboku-2018 yarışmasında iştirak edib. Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
Qeyd edək ki, “Enactus” biznesin və sahibkarlığın dəstəyi ilə daha yaxşı və davamlı inkişaf edən dünya üçün bu günün və sabahın liderlərinin təşəbbüslərini bir araya gətirən universitetlərarası beynəlxalq platformadır.
“Enactus” yarışmasında iştirak edən universitet komandalarının BMT-nin müəyyənləşdirdiyi 2030-cu il üçün 17 davamlı inkişaf məqsədi ətrafında qurulan sahibkarlıq layihələri insanların həyat standartlarını, maddi rifahını artırmaq məqsədilə tələbələrin, universitetlərin və biznesin gücünü birləşdirir. Bu qlobal təşəbbüsə il ərzində 70 minə yaxın tələbə qatılır.
Dünyanın 5 qitəsindən 36 ölkənin 1500-dən çox universitet komandalarının iştirak etdikləri yarışmada, ilk növbədə, ölkədaxili milli çempionatlar həyata keçirilərək dünya çempionatında ölkəni təmsil edəcək komandalar seçilir. Bu il aprelin 19-da ADA Universitetində keçirilən “Enactus” Azərbaycan milli çempionatında birincilik əldə etməklə dünya kubokunda ölkəni təmsil etmək haqqını “DİA Enactus” komandası qazanmışdı.
DİA-nın müxtəlif ixtisas və kurslarında təhsil alan təşəbbüskar, yaradıcı və savadlı tələbələrdən ibarət komanda 13 nəfərlik heyətlə dünya çempionatında təmsil olunub. Tələbələr beynəlxalq yarışmada bir il müddətində həyata keçirdikləri sosial və ekoloji məsuliyyətli, dayanıqlı biznes layihələri ilə dünyanın qabaqcıl şirkətlərindən olan münsiflər qarşısında təqdimat ediblər.
Münsiflərin seçiminə əsasən Azərbaycan komandası daxil olduğu liqada 3-cü yerə layiq görülüb.
“Enactus” dünya kubokunu Kanadanı təmsil edən komanda qazanıb, Misir komandası isə ikinci yerə layiq görülüb. Yarışın nəticələrinə əsasən, Azərbaycan komandası Niderland, Çin, Avstraliya kimi ölkə komandalarından yüksək nəticə göstərib. MDB ölkələri arasında isə ən yüksək nəticə əldə edib.
DİA komandasının cari ildə əldə etdiyi nəticə indiyə qədər Azərbaycanın yarışmada əldə etdiyi ən yüksək nəticə olub.
Qeyd edək ki, Azərbaycan “Enactus” proqramına 2005-ci ildən etibarən qoşulub və bu müddət ərzində ölkəmizin müxtəlif ali məktəblərinin komandaları bu yarışmaya qatılıb. Dövlət İdarəçilik Akademiyası isə ilk dəfə 2016-cı ildə ölkə çempionu olaraq Kanadanın Toronto şəhərində keçirilən dünya birinciliyində 17 nəfərlik heyətlə iştirak edib.
“Enactus” sadəcə kubok uğrunda bir yarış deyil, eyni zamanda, müxtəlif millətləri təmsil edən komandaları birləşdirən bir platformadır. Oktyabrın 9-11-də keçirilən və açılışını ABŞ-ın 66-cı dövlət katibi Kondaliza Raysın etdiyi 3 günlük tədbir çərçivəsində müxtəlif seminarlar, dünyanın qabaqcıl şirkət rəhbərlərinin çıxışları, panel müzakirələr, təlim və konfranslar, təcrübə mübadilələri və s. olub.
Həmçinin tədbir çərçivəsində “Parade of Champions” və “World Cultural Experience” tədbirləri keçirilib. Çempionlar paradında Azərbaycanın bayrağı digər 35 ölkənin bayraqları arasında dalğalandırılıb, mədəniyyət günündə isə Azərbaycan mədəniyyəti, mətbəxi, təbiəti və incəsənəti tələbələr tərəfindən təbliğ olunub. Azərbaycan guşəsi ən çox marağa səbəb olan guşələrdən biri olub. Tələbələr Azərbaycanı milli geyimlərimiz, xalçalarımız, mədəniyyətimiz və mətbəximizlə layiqincə təmsil ediblər. Digər ölkələri təmsil edən iştirakçılara Azərbaycanla bağlı hədiyyələr təqdim olunub.
Komanda əldə etdiyi təcrübə ilə növbəti illərdə daha yaxşı fəaliyyət göstərərək dünya kubokunu Azərbaycana gətirməyə iddialıdır.