ELM VƏ TƏHSİL
Dövlət İdarəçilik Akademiyasının müəllimi ABŞ-da təcrübə keçib
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) dövlət idarəetməsi və menecment kafedrasının müəllimi Ruslan Nuriyev ABŞ Dövlət Departamentinin Beynəlxalq Təhsil üzrə Amerika Şurasının keçirdiyi “Peşəkar ixtisasartırma proqramı”nın 2018-ci il payız müsabiqəsinin qalibi olub.
DİA-dan AZƏRTAC-a bildirilib ki, proqram ABŞ-ın qanunverici və icraedici orqanlarında peşəkar təcrübə keçmək, federal və yerli hökumət orqanlarının fəaliyyəti, dövlət nəzarətinin həyata keçirilməsi və digər məsələlərlə yaxından tanış olmaq imkanlarını nəzərdə tutur. Proqrama 63 ölkədən ümumilikdə 310 nəfər iştirakçı qatılıb. Tədbirin birinci həftəsində onlar üçün ABŞ-ın ilk universiteti olan Corctaun Universitetinin MakKourt Siyasət Məktəbində liderlik mövzusunda təlim təşkil olunub. Universitetin Beynəlxalq Tədris Mərkəzində keçirilən kursda siyasət və idarəetmə üzrə tanınmış professorlar və ekspertlər mühazirə oxuyublar. MDB paneli üzrə Azərbaycan, Rusiya, Belarus, Ukrayna, Moldova, Qazaxıstan və Gürcüstandan seçilmiş 25 iştirakçı təcrübə üçün ABŞ-ın müxtəlif ştatlarında federal və yerli idarəetmə orqanlarına göndərilib.
R.Nuriyev isə ABŞ Kənd Təsərrüfatı Departamentinin Risklərin İdarə olunması Agentliyində ixtisasartırma proqramında iştirak edib. O, ABŞ-ın aqrar sahədə idarəetmə təcrübəsi və qanunvericilik bazasını öyrənib, Minnesota, Ayova, Viskonsin, Miçiqan, İllinoys ştatlarının müxtəlif bölgələrinə səfəri zamanı buradakı təsərrüfat və müəssisələrin fəaliyyəti ilə tanış olub.
Proqramın yekun həftəsində tədbir iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti, ölkəmizdə qəbul edilmiş dövlət proqramları haqqında, o cümlədən qeyri-neft sektorunun inkişafı, habelə aqrar sahədə həyata keçirilən institusional islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi barədə məlumat verilib.
Proqramın yekunlaşması münasibətilə iştirakçılar üçün ABŞ Dövlət Departamentində rəsmi qəbul təşkil edilib və onlara sertifikatlar verilib.