ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzi ixtisas seçimi ilə əlaqədar abituriyentlərə müraciət edib

Bakı, 25 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi ilə əlaqədar abituriyentlərə və onların valideynlərinə müraciət edib.

Müraciətdə bildirilir ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur. Sosial şəbəkələrdə aparılan monitorinqlər göstərir ki, bəzi insanlar abituriyentlər və onların valideynlərinin etibarından sui-istifadə edib özlərini reklam etməklə ödəniş müqabilində ixtisas seçimlərinin onlar tərəfindən həyata keçirilməsi ilə bağlı çağırışlar edirlər. Abituriyentlərə və onların valideynlərinə tövsiyə olunur ki, diqqətli olsunlar və bu işi yalnız kommersiya məqsədilə görən müəyyən qrup insanların vədlərinə inanmasınlar.

İxtisas seçimi DİM-in rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, səhv etmək ehtimalı yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir.

DİM tərəfindən abituriyentlərə kömək məqsədilə I-IV ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər də nəşr edilib. İyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək imtahanların nəticələri elan olunduqdan sonra isə müvafiq qruplar üzrə kitabçalar nəşr olunacaq. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapıb. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri, 2 saylı buraxılışında isə ötən ilin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Keçid ballarını da nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Həmçinin DİM-in regional bölmələrində, Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent məsləhət mərkəzləri”nə də müraciət etmək mümkündür. Bu mərkəzlərdə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər.

Bundan əlavə, iyulun 30-da DİM-in əməkdaşları tərəfindən mərkəzin “İnstagram” və “Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım olacaq, abituriyentlərin sualları cavablandırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.