ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi regionlarda hazırlıq kursları və elmi-metodik seminarlar təşkil edəcək
Bakı, 21 yanvar, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 26-sı saat 10:30-da Bərdə şəhərində (5 nömrəli tam orta məktəbdə) Azərbaycan dili, fizika, biologiya, tarix, ingilis dili, riyaziyyat və coğrafiya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənlərə uyğun müəllimlər, metodistlər, pedaqojiyönümlü ali təhsil müəssisələrinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və magistrləri iştirak edə bilərlər.
Yanvarın 27-də isə saat 10:00-da Şəmkir şəhərində (Nizami adına şəhər tam orta məktəbdə) ingilis, fransız, alman və rus dili fənləri üzrə elmi-metodik seminarlar keçiriləcək. Seminarlarda Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər.