ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə qəbul imtahanı keçirilir
Bakı, 14 iyul, AZƏRTAC
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilir.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahanlar saat 10:00-da başlanıb.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 93 imtahan binası, 1607 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 93 ümumi imtahan rəhbəri, 264 imtahan rəhbəri, 2101 nəzarətçi–müəllim, 223 buraxılış rejimi əməkdaşı, 93 bina nümayəndəsi cəlb edilib. İmtahanda 21 min 35 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 19 min 407 nəfər Azərbaycan, 1628 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 5 min 176 nəfəri oğlan, 15 min 859 nəfəri isə qızdır. 17 min 540 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2 min 952 nəfər əvvəlki illərin məzunudur. 51 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 74 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2006-cı ildəndir.
İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edir. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 50-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.