ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində fənlər üzrə hazırlıq kursları və elmi-metodik seminarlar keçirilib
Bakı, 7 mart, AZƏRTAC
İngilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya və tarix fənləri üzrə hazırlıq kurslarının 8-ci dərsi keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, dərslərdə hazırlıq kurslarının müdavimləri kalibrləmə prosesindən keçiblər. Müdavimlərə kurs keçdikləri barədə sertifikatlar veriləcək.
Hazırlıq kursunun müdavimlərinin şəxsi məlumatları DİM-in elektron “Məlumat bazası”na daxil ediləcək. Sertifikat almış müdavimlər qiymətləndirmə vasitələrinin hazırlanması və yoxlanılmasına (marker kimi) cəlb ediləcəklər.
İngilis dili fənnindən keçirilən elmi-metodik seminarda Bakı şəhəri 250 nömrəli tam orta məktəbin müəllimi Almaz Tağıyeva 5-ci və 6-cı sinif “English” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçalarının məzmunu haqqında təqdimatla çıxış edib.
Azərbaycan dili fənni üzrə seminarda Bakı şəhəri 201 nömrəli tam orta məktəbin müəllimi Afət Xəlilova 9-cu sinif və Bakı şəhəri 282 nömrəli tam orta məktəbin müəllimi Nəriman Abdulov 11-ci sinif “Ədəbiyyat” dərsliklərinin məzmunu haqqında danışıblar.
Kimya fənnindən keçirilən elmi-metodik seminarda fevralın 10-da I ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Fizika fənni üzrə seminarda fevralın 10-da keçirilən sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Rus dili (rus bölməsi) fənnindən keçirilən seminarda Nərimanov rayonu məktəb-lisey kompleksinin müəllimi Viktoriya Ələkbərova 5-ci sinif “Russkiy yazık” yeni təhsil proqramları üzrə qiymətləndirmə tapşırıqları kitabçasının məzmunu haqqında təqdimatla çıxış edib.
Biologiya fənni üzrə seminarda fevralın 10-da keçirilən sınaq imtahanlarında istifadə olunmuş tapşırıqların imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu və mürəkkəblik dərəcəsinə görə müzakirəsi aparılıb.
Tarix fənnindən keçirilən elmi-metodik seminarda tarix üzrə fəlsəfə doktoru Şəhla Nağıyeva və Bakı şəhəri 215 nömrəli tam orta məktəbin müəllimi Eynur Yaqubov 9 və 11-ci sinif “Azərbaycan tarixi” dərsliklərinin məzmununun müqayisəli təhlili haqqında təqdimatlarla çıxış ediblər.
Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.
Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması, tövsiyələrin test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.
Seminarlarda, həmçinin sinif dərslikləri əsasında hazırlanmış qiymətləndirmə tapşırıqları kitabçalarının təhlili aparılıb. Təhlil nəticəsində qeyd edilən təkliflər kitabçaların təkmilləşdirilməsində nəzərə alınacaq.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.