ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzində hazırlıq kurslarının praktiki mərhələsi keçirilib
Bakı, 16 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının kimya, biologiya, fizika, tarix, coğrafiya, rus dili və ingilis dili fənlərindən növbəti məşğələləri keçirilib. COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq məşğələlər “Zoom” platforması üzərindən onlayn həyata keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, məşğələlərdə Bakı, Gəncə, Göyçay, Xaçmaz və Bərdə şəhərləri üzrə DİM-də elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrantlar iştirak ediblər.
Bu mərhələdə iştirakçıların hazırladıqları ev tapşırıqları ilə bağlı müzakirələr aparılıb. Moderatorlar və iştirakçılar müzakirə edilən məsələlər haqqında fikir bildirib, təkliflər veriblər.
Növbəti mərhələdə kurs iştirakçıları xüsusi proqram təminatı ilə cavabı yazılı ifadə olunan tapşırıqların yoxlanılması prosesindən (kalibrləmə) keçəcəklər. Sonuncu mərhələni uğurla başa vuranlara kurs keçdikləri barədə sertifikatlar veriləcək.
Kursu başa vuranların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək. Gələcəkdə sertifikat almış şəxslər DİM-lə əməkdaşlığa cəlb ediləcəklər.