ELM VƏ TƏHSİL


Dövlət İmtahan Mərkəzinin “İnformatika” vəsaiti nəşr edilib

Bakı, 23 iyun, AZƏRTAC

İmtahanlara hazırlaşanlara elmi-metodik kömək göstərilməsi Dövlət İmtahan Mərkəzinin (DİM) fəaliyyətinin mühüm istiqamətlərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş DİM-in yeni “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır.

DİM-dən AZƏRTAC-a bildirilib ki, vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla yanaşı, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə ümumi yekunlaşdırıcı tapşırıqlar verilib.

Vəsaitdə situasiya tipli tapşırıqlar təklif olunur ki, bunlar da biliklərin qazanılmasında, bacarıq və vərdişlərin formalaşmasında böyük rol oynayır. Qeyd etmək lazımdır ki, situasiya tipli tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiymətləndirilməsinə daha yaxşı imkan verir. Belə ki, bu tipli tapşırıqlarla situasiya daxilində verilənləri görə bilmək bacarığı, qoyulmuş sualların cavablandırılması üçün tətbiqetmə vərdişləri, müxtəlif vəziyyətlərdə qərarvermə, habelə alınmış nəticələri təqdimetmə bacarıqları yoxlanılır. Situasiya tipli tapşırıqların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.

Vəsait informasiya və informasiya prosesləri, say sistemləri, informasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi, modelləşdirmə, kompüterin aparat təminatı, proqram təminatı, əməliyyat sistemi, mətnlərin emalı, elektron cədvəllər, verilənlər bazası, alqoritm, proqramlaşdırma, kompüter şəbəkələri, internet, veb-proqramlaşdırma, informasiya təhlükəsizliyi bölmələrindən ibarətdir.

Nəşri iyunun 28-dən etibarən “Abituriyent” satış köşkündən (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28, 8 Noyabr metrostansiyasının yanı), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.