ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin əməkdaşları Litvada dövlət qulluğuna qəbul sistemini öyrənirlər
Bakı, 6 dekabr, AZƏRTAC
Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” layihəsi çərçivəsində Litva Respublikasının Dövlət Qulluğu Departamenti və Hökumət Katibliyi, Avropa Sosial Fondunun Agentliyi tərəfindən təlim səfəri təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, bu qurumun əməkdaşları Litvanın dövlət qulluğuna qəbulda səriştələrin yoxlanılması üzrə situasiyayönümlü qiymətləndirmə alətlərinin hazırlanması və tətbiqinin təcrübi tərəflərinin öyrənilməsi məqsədilə Vilnüsdə təlim səfərində iştirak edirlər.
Təlimin ilk günü Litvada dövlət qulluğu və dövlət qulluğuna qəbul sistemi, bu istiqamətdə aparılan islahatlar haqqında məlumat verilib. Səfərin sonrakı günlərində dövlət qulluqçularının işə qəbulunda səriştəyönümlü qiymətləndirmə modelinin tətbiqi və səriştələrin yoxlanılması üzrə situasiyayönümlü qiymətləndirmə alətlərinin tərtibi prosesini əhatə edən təcrübi məşğələlər keçirilib. Həmçinin dövlət qulluğuna qəbulda müxtəlif səriştələrin yoxlanılması üzrə situasiyayönümlü müxtəlif qiymətləndirmə alətlərinin tətbiqi, eləcə də xarici dil bacarıqlarının yoxlanılması (əsasən ingilis dili) üzrə təcrübə mübadiləsi aparılıb. Bundan əlavə, kompüter əsaslı adaptiv qiymətləndirmə və mövcud çətinliklər, dövlət qulluqçularının reyestri və məlumat sisteminin dövlət qulluğuna qəbul mərhələsinin idarə olunmasında rolu haqqında təqdimatlar olub.
Səfərin sonuncu günündə – dekabrın 7-də dövlət qulluğuna qəbulda müsahibə mərhələsi, insan resurslarının seçimində istifadə olunan digər alətlər haqqında təqdimatların keçirilməsi gözlənilir.