CƏMİYYƏT
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycanda yeni təyin olunmuş rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, qonağa ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə bağlı aparılan dövlət siyasətinin məqsəd və nəticələri, son vaxtlar həyata keçirilən tədbirlər barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı mühüm qərarlar qəbul edib. Onlar üçün salınan qəsəbələrin sayı ilbəil artır, hər il minlərlə məcburi köçkün ailəsi yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır.
Alessandro Frakassetti BMTİP-in Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə böyük əhəmiyyət verildiyini vurğulayıb. O, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.