ELM VƏ TƏHSİL


Dövlət Neft və Sənaye Universitetində “Açıq qapı” günü təşkil olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Açıq qapı” günü keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, valideynlərin, tələbələrin iştirak etdikləri tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı 2018-2019-cu tədris ilinin qəbul göstəricilərindən və son vaxtlar təhsil müəssisəsində həyata keçirilən islahatlardan danışıb.

Bu tədris ilində ADNSU-da qəbulun həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin artdığını deyən rektor bakalavriat səviyyəsinə Azərbaycan-Fransız Universiteti də (UFAZ) daxil olmaqla ümumilikdə 2.866 nəfərin qəbul olunduğunu bildirib. M.Babanlı ali məktəblərə qəbul imtahanlarında 1-ci ixtisas qrupu üzrə 600 baldan yuxarı nəticə göstərən 880 nəfərdən 392-nin ADNSU-nu seçdiyini diqqətə çatdırıb.

Məzunların və magistraturada təhsil alan tələbələrin işlə təmin olunmalarının diqqətdə saxlanılan məsələlərdən olduğunu qeyd edən rektor bu istiqamətdə 100-ə yaxın müəssisə ilə ikili müqavilənin imzalandığını deyib və il ərzində keçirilən “Məzun-karyera” sərgilərinin əhəmiyyətini vurğulayıb.

Beynəlxalq əməkdaşlığın və tələbə mübadiləsinin prioritet sahələrdən olduğunu diqqətə çatdıran M.Babanlı ingilis dilində tədrisin daha da genişləndirilməsinin nəzərdə tutulduğunu söyləyib. Rektor beynəlxalq əməkdaşlıq çərçivəsində UFAZ xətti ilə universitetə 26 əcnəbi professorun cəlb olunduğunu qeyd edib, növbəti ildən bu rəqəmin 30-a çatdırılacağını bildirib.

Professor M.Babanlı, eyni zamanda, tədris proqramlarının yenilənməsi, elektron universitetin əhəmiyyəti, Lazer Mərkəzinin fəaliyyəti, elmi-tədqiqat laboratoriyaları, yeni texniki-texnoloji proqramların hazırlanması və digər məsələlərdən bəhs edib.

Tədbirdə yaz sessiyasının nəticələrinə görə kurslar üzrə ən yüksək nəticə göstərən qruplara 1000 AZN məbləğində pul mükafatı təqdim olunub.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.