MƏDƏNİYYƏT
Dövlət Rəsm Qalereyasının loqotipi təqdim edilib
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Muzey Mərkəzində Dövlət Rəsm Qalereyasının loqotipinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, qalereyanın rəhbəri Qalib Qasımov çıxış edərək qalereya barədə məlumat verib. Bildirilib ki, Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Qalereyanın fondunda 10 minədək incəsənət əsəri toplanıb. Bu əsərlər Azərbaycan rəssamlarının yaratdığı nadir sənət inciləri olmaqla yanaşı, respublikanın sərvətinə çevrilib. Qalereyanın fondunda olan əsərlər bir sıra ölkələrdə beynəlxalq sərgilərdə, Azərbaycan mədəniyyəti günlərində nümayiş etdirilib. Vurğulanıb ki, qalereyanın fondunda indiyədək sərgi salonlarında, qalereyalarda, muzeylərdə sərgilənməyən əsərlər də var.
Qalib Qasımov, həmçinin həyata keçirdikləri “Emalatxanada görüş”, qalereyanın fondunda olan əsərlərin elektron kataloqunun hazırlanması, rəssamlarımız haqqında vahid məlumat bazasının yaradılması və digər layihələr barədə də məlumat verib.
Qalereyanın loqotipini təqdim edən Qalib Qasımov diqqətə çatdırıb ki, bu il ilk dəfə olaraq qalereyanın xüsusi tanınma nişanı (loqotipi) Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənib. Bildirilib ki, loqotip gənc dizayner Aysel Əlizadə tərəfindən hazırlanıb.
Mərasimdə nazirlik tərəfindən Aysel Əlizadəyə təşəkkürnamə təqdim edilib.