CƏMİYYƏT
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantlar and içiblər VİDEO
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında kursantların andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin hərbi andı qəbul etmələri münasibətilə şəxsi heyətə təbrik telefonoqramı çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2010-cu il avqustun 10-da Akademiya kompleksinin açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırlandığı mərasimdə qeyd olunub ki, Vətənə sədaqət andı içən kursantların hərbi bilikləri yüksək səviyyədə mənimsəmələri, bacarıqlı, sağlam, peşəkar sərhədçi zabit olmaları üçün bu təhsil müəssisəsində hər cür şərait yaradılıb, güclü elmi-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyət formalaşıb. Akademiyanın zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün bütün bilik, təcrübə və bacarıqlarını sərf edirlər.
Gənc kursantlar adından çıxış edənlər hərbi biliklərə dərindən yiyələnəcəklərinə, dövlət sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına söz veriblər.
Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildiriblər. Valideynlər gənc kursantlara dövlətimizə və xalqımıza sadiq, mətin, mərd və qürurlu zabit kimi yetişərək Vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.