CƏMİYYƏT
Dövlət Yol Polisi İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət ünvanlayıb
Bakı, 10 sentyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarına müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olan müraciətdə deyilir: “Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sərnişin sıxlığının yaşanması müşahidə olunur.
Sərnişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır. Son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.
Qeyd olunan halların qarşısının alınması məqsədilə DİN Baş Dövlət Yol Polisi İdarəsi
bir daha hərəkət iştirakçılarından, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sərnişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər”.