ELM VƏ TƏHSİL
Dövlət bayrağı vətəndaşlarımız üçün müqəddəs rəmzlərdən birinə çevrilib
Bakı, 8 noyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə elmi-praktik seminar keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunduğunu, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi bayrağı elan edildiyini xatırladıb. R.Novruzov bildirib ki, ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı bütün vətəndaşlarımız üçün müqəddəs rəmzlərdən birinə çevrilib. Gəncləri dövlət atributlarına hörmət etməyə səsləyən Rafiq Novruzov Dövlət Bayrağı Günü münasibətilə hər kəsi təbrik edib.
Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın azadlıq məfkurəsini, milli-mənəvi dəyərləri və ümumbəşəri idealları əks etdirdiyini vurğulayıb. Bildirib ki, vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.
Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Mayya Cəfərquliyevanın “ABŞ-da dini plüralizm: tarixi və mahiyyəti”, beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Türkan Məmmədlinin “Müstəqillik dövründə Azərbaycan bayrağı və Konstitusiyası”, Nuhbala Əliyevin “Tolerantlığın tarixi və keçdiyi yol” mövzularında məruzələri dinlənilib.
Tələbələr seminar iştirakçılarına slayd əsasında tarixi faktlara söykənən maraqlı məlumatlar veriblər.
Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Nərmin Elyasova isə “Tolerantlığın tipləri” mövzusunda məruzəsində din, dil, cəmiyyət və ailədə özünü göstərən tolerantlıq prinsiplərindən söz açıb.