İQTİSADİYYAT
Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar 19,9 faiz az olub
Bakı, 13 avqust, AZƏRTAC
Bu il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi ilkin olaraq 3 milyard 63 milyon manat məbləğində təsdiq edilib, sonradan müvafiq qaydada dəyişikliklər olunaraq 3 milyard 106 milyon manata çatdırılıb, hesabat dövründə isə dövlət büdcəsi 1 milyard 268,9 milyon manat profisitlə icra edilib.
AZƏRTAC xəbər verir ki, bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.
Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə hesabat dövrü üçün nəzərdə tutulmuş məbləğ 434 milyon manat və ya 31,9 faiz az icra olub ki, bu da 2021-ci ilin müvafiq dövründə daxil olmuş vəsaitlə müqayisədə 2,1 dəfə azdır.
Hesabat dövründə özəlləşdirilmədən daxilolmalar dövrün proqnozundan az olub, dövlət büdcəsinə hesablanılıb, lakin ödənilməmiş borc qalıqlarında artım müşahidə edilib.
Dövlət əmlakının özəlləşdirilməsindən 25,9 milyon manat daxil olub, altı aylıq tapşırıq 20 milyon manat (44 faiz) az icra edilib, ötən ilin müvafiq dövrünə nisbətən 6,4 milyon manat (19,9 faiz) az olub. Yarım ildə 41,4 milyon manat dəyərində dövlət əmlakı özəlləşdirilib, lakin dövlət büdcəsinə 25,9 milyon manat vəsait daxil olub ki, 15,5 milyon manat vəsait dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq məbləğini artırıb. Bu vəsaitlər üzrə vaxtı çatmış, lakin büdcəyə ödənilməmiş vəsaitlər üzrə qalıqlar dövrün sonuna əvvəli ilə müqayisədə artaraq 25,2 milyon manat təşkil edib.