İQTİSADİYYAT
“Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda konfrans keçiriləcək
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 12-də Bakıda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və Dünya Bankının birgə təşkilatçılığı ilə “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda konfrans keçiriləcək.
Komitədən AZƏRTAC-a bildirilib ki, konfransda ƏMDK-nın sədri Kərəm Həsənov, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, İqtisadiyyat və Maliyyə nazirliklərinin əməkdaşları, müstəqil iqtisadçı ekspertlər, ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.
Konfrans çərçivəsində dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün maliyyə monitorinqi alətləri və sistemi təqdim edilərək, hökumət, onun qurumları və dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat axınının inzibatçılığını təkmilləşdirmək və Azərbaycanda dövlət müəssisələrinə dair islahatların aparılmasının davam etdirilməsi barədə qərarların qəbul edilməsi sahəsində müzakirələr aparılacaq.