ELM VƏ TƏHSİL
Dövlət orqanları kadr potensialından düzgün istifadə etməlidir
Bakı, 10 iyul, M.Dadaşov, P.İmanova, AZƏRTAC
Dövlət orqanları dövlət qulluqçularının işinin qiymətləndirməsini düzgün həyata keçirməli, kadr potensialından düzgün istifadə etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının dövlət qulluğu və kadr məsələləri şöbəsinin sektor müdiri Yusif Hüseynov iyulun 10-da “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda keçirilən konfransda deyib.
Y.Hüseynov qeyd edib ki, qiymətləndirmənin nəticəsindən asılı olaraq, dövlət qulluqçularının həvəsləndirilməsinə diqqət yetirilməlidir. Dövlət qulluqçularının ixtisasının artırılması ilə bağlı yeni tələblər ortaya qoyulmalıdır.
Sektor müdiri diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə dövlət qulluğu sahəsində islahatlar aparılıb, dövlət idarəçiliyinin səmərəliliyinin artırılması üçün dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən qanunvericilik bazası yaradılıb.
Y.Hüseynov bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbul və bu sahədə fəaliyyətin davam etdirilməsi üçün qanunvericlikdə dəyişiklik edilib.