ELM VƏ TƏHSİL
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün daxili müsahibə elan edilir
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də 8 dövlət orqanında inzibati vəzifələrin 2-4-cü təsnifatına uyğun olan 11 vəzifənin tutulması üçün daxili müsahibə elanı verilib.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daxili müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri və Azərbaycan Respublikası Hesablama Palatası Aparatının Ümumdövlət xidmətlərinin auditi şöbəsinin müdiri vəzifələridir.
Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Agentliyində 2, Gənclər və İdman Nazirliyində 2, Dövlət Turizm Agentliyində 2, Hesablama Palatasında 1, Kənd Təsərrüfatı Nazirliyində 1, İqtisadiyyat Nazirliyində 1, Əqli Mülkiyyət Agentliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər avqustun 15-nə qədər (saat 18:00-dək) Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.