ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə keçirilən test imtahanında uğur qazanan namizədlərin qeydiyyatına başlanılıb
Bakı, 26 noyabr, AZƏRTAC
İnzibati rəhbər vəzifələrə (A növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, dövlət qulluğuna qəbul üçün noyabrın 24-də keçirilən test imtahanında uğur qazanan namizədlər müvafiq sertifikatı əldə etmək üçün noyabrın 26-dan dekabrın 7-nə kimi saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin məlumatlarının düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.
Məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidir.
Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.