ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul imtahanında əsasən gənclər uğur qazanıblar
Bakı, 11 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanında iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri barədə bəzi statistik məlumatları açıqlayıb.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 807-si kişi, 569-u isə qadın olub. Kişilərdən 714-ü, qadınlardan isə 512-si 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu üzrə qeydiyyatdan keçən iki nəfərdən biri kişi, biri isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən 3-ü kişi, 2-si qadın olmaqla yalnız 5-i imtahanı uğurla keçib.
Ümumilikdə imtahanda müvəffəqiyyət qazananlardan 188-i 20-24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 40,5 faizi, qadınların isə təqribən 54,4 faizi müvəffəqiyyət əldə edib. 25-29 yaş intervalında isə 226 namizəd lazım olan balı toplaya bilib.
İmtahanda uğur qazanan namizədlərdən yaşı 34-dək olanların sayı 482 nəfərdir. Bu göstərici aprelin 22-də keçirilən imtahanda da təxminən eyni olub. Bu, onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir. Yaş intervalı artdıqca uğur əldə edənlərin faizi aşağı düşür. 35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 26-dır.
İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 33,2 faizi, qadınların isə 42,2 faizi uğur əldə edib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 508-i müvəffəqiyyət qazanıb.