ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanına qeydiyyat davam edir
Bakı, 24 noyabr, AZƏRTAC
Noyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, AA, AB, AC, BA, BB qrupları üzrə keçiriləcək sınaq imtahanı saat 10:00-da başlanacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat noyabrın 26-da saat 17:00-da başa çatacaq.
Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında onlayn qeydiyyatdan keçmək lazımdır.
Koronavirus pandemiyası ilə əlaqədar sanitariya-gigiyena tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri məsafədən ölçə bilən elektron termometrlə yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan otağında iştirakçıların bir-birindən aralı əyləşdirilməsi, həmçinin fasilə zamanı ara məsafənin saxlanılması təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək.