ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri açıqlanıb
Bakı, 30 iyun, AZƏRTAC
İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan edilib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1376 namizəddən 21-i imtahana gəlməyib.
İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən:
BA1 altqrupu üzrə – 2 nəfər;
BA2 altqrupu üzrə – 11 nəfər;
BA3 altqrupu üzrə – 23 nəfər;
BA4 altqrupu üzrə – 44 nəfər;
BB1 altqrupu üzrə – 54 nəfər;
BB2 altqrupu üzrə – 79 nəfər;
BB3 altqrupu üzrə – 135 nəfər;
BB4 altqrupu üzrə – 160 nəfər olmaqla, ümumilikdə 508 namizəd tələb edilən müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti beş ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün iyulun 2-dən 13-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan olunmuş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə olunmuş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyənləşdirilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan olunmuş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası iyulun 2-dən 4-dək saat 10:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).