ELM VƏ TƏHSİL
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Noyabrın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İmtahan kompüterlər vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. İmtahan vermək üçün AB vəzifə qrupu üzrə 12, AC vəzifə qrupu üzrə 38 namizəd qeydiyyatdan keçib.
İmtahan saat 11:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 10:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.