CƏMİYYƏT
Dövlətimizin başçısı Laçından Qarabağdakı terrorçu qrupların rəhbərlərinə çox ciddi mesajlar verdi – Şərh


Bakı, 3 iyun, AZƏRTAC
Laçın rayonu 28 il sonra yenidən Azərbaycanın nəzarəti altına keçməsi ölkəmizin tarixində çox önəmli hadisədir. 28 May - Müstəqillik Günü ərəfəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Laçına səfər etməsi rəmzi məna daşıyırdı. Çünki Laçın sakinlərinin bir qrupunun müstəqillik günündə öz doğma yurdlarına qayıtması sevindiricidir və çox anlamlı mesajdır. Dövlətimizin başçısının Kəlbəcər və Laçına səfəri, çoxsaylı təməlqoyma və açılışlarda iştirakı, xüsusilə Böyük Qayıdışın davamı kimi Laçına ilk sakinlərin köçürülməsi, 20 ailənin orada məskunlaşması bayram günündə xalqımıza ən gözəl hədiyyə oldu. Bu mənada Azərbaycan Prezidenti əhali ilə birbaşa təmasda oldu, səmimi, doğma ünsiyyət ilə onların fikirlərini yerində öyrəndi.
Bunu Qarabağ qazisi, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Prezidentin azad olunan rayonların sakinləri ilə görüşü ənənə halına çevrilib və çox sevindiricidir. Bu baxımdan 28 May müstəqillik bayramı ərəfəsində dövlətimizin başçısının Laçına səfər etməsi rayon sakinlərində böyük ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyev həm laçınlılara, həm qarabağlılara, həm Azərbaycan cəmiyyətinə, həm dünyada yaşayan azərbaycanlılara, həm də beynəlxalq aləmə, ümumiyyətlə hər kəsə bəyan etdi ki, bu torpaq bizimdir, onu cənnətə belə çeviririk. Həqiqətən də Laçında abadlıq-quruculuq işləri aparılır. Laçında xeyli sayda evlər artıq bərpa olunub, ya inşa edilib. Keçmiş məcburi köçkünlər üçün hər cür şərait yaradılıb.
Onun sözlərinə görə, 28 May - Müstəqillik Günü tariximizə ekskurs etsək görərik ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması tarixi hadisədir. Amma o vaxt müstəqilliyimizi qoruyub saxlamaq təəssüflər olsun ki, mümkün olmadı. 1990-cı illərin əvvəllərində yenidən müstəqilliyini elan etmiş Azərbaycan onu itirmək təhlükəsi ilə üzləşmişdi. Həmin illərdə ordumuz birinci Qarabağ müharibəsində qəhrəmancasına döyüşsə də, ölkədə baş verən müəyyən hərc-mərcliklər, vahid komandanlığın və siyasi sabitliyin olmaması ərazilərimizin, o cümlədən Laçının işğalına səbəb oldu. Lakin 44 günlük Vətən müharibəsi zamanı isə Azərbaycan Prezidenti xalqın bir yumruq kimi birləşməsini təmin elədi. Bu, çox vacib idi. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbənin ən vacib şərti xalqı, dövləti və ordunu vahid komandanlıq altında bir hədəfə doğru aparmaq idi. Bunu da Ali Baş Komandanımız çox gözəl şəkildə bacardı. Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan dövləti quruldu, torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Bu gün Prezident İlham Əliyevin qətiyyətli, düşünülmüş siyasətinin bəhrəsi olan azad, yenidən qurulan Laçın bizim tarixi nailiyyətimizdir.
İctimai Birliyin sədr müavini söyləyib ki, Prezident İlham Əliyev Laçından çox gözəl mesajlar verdi: “Qarabağda məskunlaşmış terrorçu qrupların və separatçı rejimin rəhbərlərinə mesajlar verdi ki, rədd olun və öz torpaqlarınıza qayıdın. Bölgədə separatizmin sonu çatıb. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da, dünya birliyi də Qarabağı Azərbaycanın öz ərazisi kimi tanıyır. Odur ki, həmin ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilməlidir. Bu baxımdan Prezidentin Laçındakı çıxışı mühüm əhəmiyyət kəsb edir.
Prezidentimiz dəfələrlə vurğulayıb ki, ermənilər Qarabağdan çıxıb getməlidir. Əgər getməsələr Azərbaycanın “Dəmir yumruğ”u qüvvədədir və daha da güclənib. O bildirib ki, silahı yerə qoyun, təslim olun. Bundan gözəl çağırış ola bilməz. Əgər Ermənistan sülh sazişini imzalamazsa, onda həmin ölkəni müqaviləni imzalamağa məcburetmə əməliyyatları aparıla bilər.
“Prezident həm diplomatik, həm siyasi, həm də şəxsi münasibətlərindən istifadə edərək qondarma erməni xunta rejimini başa salmaq istəyir ki, onların sülh müqaviləsi imzalamaqdan başqa çıxış yolu yoxdur. Ermənistan sülh, o cümlədən sərhədlərin delimitasiyasını istəmirsə, bu, olmayacaq.
Xatırladım ki, məhz Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Laçın, Ağdam, Kəlbəcər bir güllə atılmadan azad edildi. Laçının azad olunması, Laçın yolunun nəzarətə götürülməsi strateji əhəmiyyətə malikdir. Biz torpaqlarımızın azad olunmasına görə şəhidlərimizə borcluyuq. Laçının Azərbaycana qaytarılması ilə şəhidlərimizin ruhu şad oldu. Allah qazilərimizə cansağlığı versin. İnanıram ki, xalqımızın dəstəyi və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gələcəkdə digər uğurlar da qazanacağıq”, - deyə İctimai Birliyinin sədri vurğulayıb.