CƏMİYYƏT
Dövlətimizin əsas məqsədi Azərbaycan gənclərinin intellektual potensialını gücləndirməkdir
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də bu il Nəsimi rayonundan ali məktəblərə 650-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı görüşdə çıxış edərək dövlətimizin gənclərə böyük diqqət və qayğı göstərdiyini deyib. Qeyd edilib ki, gənc nəslin intellektual səviyyəsinin artırılması və yeni texnologiyalara yiyələnməsi üçün xüsusi dövlət proqramları çərçivəsində tələbələrimiz dünyanın aparıcı universitetlərində təhsil alırlar. Dövlətimizin prioritet məqsədi Azərbaycan gənclərinin intellektual potensialını gücləndirərək siyasi və iqtisadi məkanlarda yeni zirvələri fəth etməkdir. Hər il sentyabr ayında yeni tədris ili başlayır və Azərbaycanda elə bir vətəndaş yoxdur ki, bununla bağlı gözəl duyğular yaşamasın.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısı çox yüksəkdir. Partiya onların problemləri ilə yaxından maraqlanır və sosial rifahının yaxşılaşdırılması istiqamətində addımlar atır. Yarım milyondan çox üzvü olan partiyanın 40 faizini məhz gənclər təşkil edirlər. Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Dövlətimizin başçısının gənclərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər böyük rəğbətlə qarşılanır.
Sonra çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan gənclərinin böyük hissəsi tələbələrdir. Bütün cəmiyyətlərdə olduğu kimi, bizim cəmiyyətdə də belədir. Tələbəlik illəri insan həyatının ən maraqlı illərindəndir. Tələbələr ölkəmizin ictimai-siyasi həyatında fəal olmalıdırlar. Bizim tələbələrimizin böyük potensialı var.
Ş.İsmayılov Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib.
Sonda tələbələrin sualları cavablandırılıb.