CƏMİYYƏT
Dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifədən azad edilib. Rəyasət Heyəti üzvlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib.
AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısına qoyulan vəzifələrdən və məqsədlərdən danışıb. O bildirib ki, dövlətin veteranlara göstərdiyi dəstək, diqqət və qayğı qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Rəyasət Heyətinin iclasında görülən işlərlə yanaşı, gələcək fəaliyyətlərdən də ətraflı bəhs edilib:
“Prezidentin köməkçisinin gələcək fəaliyyətimizlə bağlı verdiyi dəyərli tövsiyələr, səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir. Biz qarşıdakı fəaliyyətimizdə bunlardan faydalanacaq, hər addımımızda bu tövsiyələri rəhbər tutacağıq”.
C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatının bu illə bağlı ciddi plan və proqramları mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin müxtəlif platformalarda daha səmərəli müdafiəsini həyata keçirmək, Vətən müharibəsində böyük igidliklərə imza atan qəhrəmanlarımızı ictimaiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əməkdaşlığı daha da inkişaf etdirmək daxildir.
“Veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, xalqımızın mili maraqlarının təmini məsələsində fədakarlıq göstərəcək”, - deyə C.Xəlilov vurğulayıb.