CƏMİYYƏT
Dövlətqaçqınkom Gəncədəki alüminium zavodunun sanatoriyasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb
Bakı, 25 aprel, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Gəncə şəhəri ərazisindəki alüminium zavodunun sanatoriyasında baş vermiş yanğınla əlaqədar açıqlama yayıb. Bu barədə AZƏRTAC-a Dövlət Komitəsindən məlumat verilib.
Açıqlamada deyilir: “2018-ci il aprelin 25-də Gəncə şəhəri ərazisində Rafiq Həsənəliyev küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı alüminium zavodunun sanatoriyasında yanğın baş verib. Baş vermiş hadisə nəticəsində Kəlbəcər rayonundan olan məcburi köçkün Alıməmmədov Malik Hidayət oğlunun mənzili ev əşyaları ilə birlikdə yanıb.
Bununla əlaqədar olaraq Komitə sədrinin tapşırığı əsasında Komitənin əməkdaşları dərhal həmin ərazidə olub, mövcud vəziyyətlə yerində tanış olublar. Operativ tədbirlər nəticəsində Alıməmmədov Malik Hidayət oğlunun mənzili qısa zamanda bərpa ediləcək və ailəyə müvafiq kömək göstəriləcək.
Bununla bağlı əlavə məlumat veriləcək”.