SİYASƏT


Dubayın Mərkəzi Kitabxanasına Azərbaycan haqqında kitablar təqdim edilmişdir

Bakı, 18 yanvar (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Mərkəzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla ilə görüşmüşdür.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, S.İmanov görüş zamanı Dubayın Mərkəzi Kitabxanasına Azərbaycan haqqında kitablar təqdim etmişdir.

Təqdim edilən kitablar arasında 1990-cı ilin 20 Yanvar faciəsindən bəhs edən ərəb dilində nəşrlər, jurnallar, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusu, ərəb dilində “Azərbaycan haqqında 100 suala cavab”, Azərbaycanın mədəni irsi və tarixinə dair ərəb dilində kitablar, Azərbaycanın xəritəsi və təqvimlər yer almışdır.

BƏƏ-nin müxtəlif dövlət, nazirlik və komitələrinin nümayəndələrinin də iştirak etdiyi görüşdə S.İmanov Azərbaycanın keçdiyi ağır, lakin şanlı tarixindən danışmışdır.

S.İmanov 1990-cı ilin 20 yanvarında keçmiş Sovet İttifaqı tərəfindən Azərbaycanda törədilmiş bu faciənin insanlığa qarşı həyata keçirilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qalacağını bildirmişdir. Cəmiyyət sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də iştirakçılara ətraflı məlumat vermiş, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində yaşadığını qeyd etmişdir.

Dubay Əmirliyinin Mərkəzi kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla S.İmanova ətraflı məlumata və kitabxanaya təqdim olunan kitablara görə təşəkkür etmişdir. İsa Əhməd Əl-Mulla həmin kitabların əmirliyin digər kitabxanalarına da paylanacağını bildirmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.