REGİONLAR


Dulusçuluqla məşğul olanlar azalsa da, gil məmulatlarına tələbat artıb VİDEO

Quba, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Qubalı sənətkar Nəcəf Qədirov otuz ildən çoxdur dulusçuluqla məşğul olur. Rayonun Yenikənd kəndində yaşayan 52 yaşlı dulusçu bölgədə bu işlə məşğul olan azsaylı sənətkarlardandır.

Nəcəf Qədirov AZƏRTAC-a bildirib ki, son illər dulusçuluq məmulatlarına tələbat xeyli artıb. Müştərilər daha çox nehrə, küp, bardaq, kuzə, kasa, piti qabları və başqa gil məmulatlar sifariş edirlər. Dulusçuluqla məşğul olan sənətkarların sayı az olduğundan ustalar sifarişlərin hamısını qəbul edə bilmirlər.

Qubalı dulusçu daha çox nehrə hazırlanmasına üstünlük verir. Bunun üçün əsas xammal hesab olunan gilli torpaq ilkin mərhələdə əzilir, yumşaq hala salınır və yoğurularaq kündəyə çevrilir. Daha sonra ayaqla hərəkətə gətirilən çarxın üzərində gildən qablar hazırlanmasına başlanılır.

Nehrə üçün iki ayrı-ayrı hissə hazırlanaraq birləşdirilir. Əllə hazırlanmasına baxmayaraq, qabların simmetrik formaya salınması ustalardan bacarıq tələb edir. Gilin nehrə formasına salınması üçün təxminən bir saat vaxt sərf olunur. Bir gün sonra qulpları qoyulan nehrələrin tam quruması üçün bir aya yaxın gözləmək lazımdır. Daha sonra quruyan nehrələr kərpicdən hörülmüş kürələrdə 1200-1300 dərəcədə bişirilir.

Hazırladığı nehrələri Nəcəf Qədirovdan 15 manatdan alırlar. Digər dulusçuluq məmulatlarının qiyməti isə 1 manatdan 15 manatadək dəyişir.

Dulusçu deyir ki, pendir, yağ, doşab və s. ərzaqlar küplərdə, ağartı məhsulları isə saxsı qablarda saxlanılarsa, daha keyfiyyətli qalar. Nə qədər yeni, müasir formalı qablar ortaya çıxsa da, qədim məişət nümunələrimiz heç də onlardan geri qalmır.

Sənətkar bildirir ki, indi məişətdə işlətdiyimiz müxtəlif formalı qablarla yanaşı, müasir tələbata uyğun məmulat nümunələri də hazırlayır. Son illər istirahət mərkəzləri, restoranlar ona həm də dekorativ görüntü üçün istifadə olunan gil qablar sifariş verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.