Dünya Bankı Mərakeşin kənd təsərrüfatı sektoruna 180 milyon dollar kredit ayırıb
AzerTAg.az

Rabat, 27 mart, AZƏRTAC
Mərakeşin misli görünməmiş quraqlıq dövrü ilə üzləşdiyi bir vaxtda Dünya Bankının Direktorlar Şurası Krallıqda dayanıqlı kənd təsərrüfatını dəstəkləmək üçün 180 milyon dollarlıq investisiya layihəsinin maliyyələşdirilməsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Dünya Bankının bəyanatında iqlim dəyişikliyinin və əhalinin artımının Mərakeşin su və torpaq ehtiyatlarına təzyiqi artırdığı vurğulanır. Diqqətə çatdırılır ki, Mərakeşin Kənd Təsərrüfatında Suyun Davamlı İdarə edilməsi (RESWAG) layihəsi suvarma xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq və suvarma texnologiyası üzrə məsləhət xidmətlərinə çıxışı artırmaq məqsədi daşıyır.
Mərakeşdə yağıntıların azalması, quraqlıq və şiddətli istillər kimi ekstremal hava şəraiti çaylarda axının zəifləməsinə səbəb olub.
Dünya Bankının Məğrib və Malta üzrə regional direktoru Jesko Hentşelin sözlərinə görə, ayrılan kredit “Yaşıl nəsil” strategiyasına, Milli Su Planına və Mərakeşin sadiq olduğu Yeni İnkişaf Modelinə uyğun olaraq həyati əhəmiyyətli aqrar-ərzaq sektoruna dəstək verəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat
Xəbərin mətnində orfoqrafik səhv var