İQTİSADİYYAT
Dünya Bankı Qrupu Azərbaycanda maliyyə inklüzivliyinin gücləndirilməsinə dair yeni məşvərətçi layihəyə start verib
Bakı, 19 sentyabr, Elvira Məmmədova, AZƏRTAC
Ödəniş xidmətlərindən istifadənin təkmilləşdiriməsi universal maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün əsasdır.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev sentyabrın 19-da Dünya Bankı Qrupu tərəfindən Azərbaycanda həyata keçiriləcək "Elektron və rəqəmsal maliyyə xidmətləri" layihəsinin açılış mərasimində deyib.
Layihənin işinə uğurlar arzulayan A.Quliyev həmçinin qeyd edib ki, bu layihə çox aktual, günün tələblərinə cavab verən mühüm bir sənəddir. Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın formalaşması bu gün qlobal trendlərin ən aparıcı istiqamətlərindən biridir. Layihənin reallaşdırılması nəticəsində innovativ texnologiyaların Azərbaycana gətirilməsi, hüquqi çərçivənin təkmilləşdirilməsi, insanların maliyyə savadlılığının artırılması, eyni zamanda, maliyyə infrastrukturu ilə əhatə olunmayan regionlarda maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi kimi çox mühüm və səmərəli tədbirlərin icrasına nail ola biləcəyik. Ümumiyyətlə, Mərkəzi Bankın fəaliyyətində elektronlaşdırma, rəqəmsallaşdırma ən mühüm prioritetlərdən birini təşkil edir. Mərkəzi Bank fəaliyyətdə olduğu bütün dövrlərdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirib və həmin tədbirlər bu gün də davam etdirilir.
Bildirilib ki, Dünya Bankı Qrupu ölkəmizdə kiçik sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılmasını dəstəkləmək məqsədilə rəqəmsal maliyyə xidmətlərindən istifadəni asanlaşdırmaqla, maliyyə sistemində maliyyə inklüzivliyinin təkmilləşdirilməsi üçün yeni məşvərətçi layihəyə start verir.
“Elektron və rəqəmsal maliyyə xidmətləri layihəsi” Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən həyata keçiriləcək və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi tərəfindən maliyyələşdiriləcək. Növbəti üç il ərzində bu, ölkə ərazisində müasir elektron xidmətlərin təqdim olunmasına, müştərilər tərəfindən mürəkkəb proses hesab olunan xidmətlərdən istifadənin sadələşdirilməsinə yardım edəcək.
Qeyd olunub ki, Dünya Bankının Maliyyə İnklüzivliyi Məlumat Bazasının Qlobal İndeksinə əsasən, Azərbaycanın yetkinlik yaşına çatmış əhalisinin yalnız 29 faizi maliyyə institutlarında hesablara malikdir. Bu rəqəm Avropa və Mərkəzi Asiya üzrə 50 faizdən artıqdır. Layihə müştərilərə mobil telefonları və internet bankçılıqdan istifadə etməklə qəbzlərin ödənilməsi, kredit ödənişləri və pulköçürmələri daxil olmaqla, bir sıra əməliyyatları həyata keçirməyə yardım etmək üçün ölkənin dövlət qurumları, maliyyə institutları, ödəniş sistemləri, emal mərkəzləri, mobil şəbəkə operatorları və digər bazar iştirakçıları ilə əməkdaşlıq edəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov qeyd edib ki, bu mühüm layihə ölkədə maliyyəyə çıxışın əlçatanlığının artırılmasına xidmət edəcək.
"Xüsusilə Azərbaycanın ucqar ərazilərində fiziki şəxslər və sahibkarlar üçün ən yaxın bank filialına çatmaq üçün yüksək qiymətlər, xərclər və zaman maliyyə xidmətlərindən istifadəyə əngəl törədir. Bu layihə əsasında bizim məqsədimiz Azərbaycanın əksər əhalisinə aşağı qiymətlərlə maliyyə xidmətlərinin təmin olunmasına şərait yaradacaq innovativ modellərin təqdim olunmasına yardım etməkdir", - deyə IFC-nin Cənubi Qafqaz üzrə direktoru Yan Van Bilsen bildirib.
Sonra “Azərbaycanda rəqəmsal və elektron maliyyə xidmətlərinin potensialı” mövzusunda təqdimat olub.
Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. 2017-ci il iyulun 31-dək IFC ölkəyə təxminən 473 milyon ABŞ dolları maliyyə yatırımı edib, bu vəsaitin 73 milyonu digər kreditorlardan əldə edilərək, maliyyə xidmətləri, infrastruktur və istehsal sektorları daxil olmaqla, bir sıra sektorlar üzrə 56 uzunmüddətli layihələrin maliyyələşdirilməsinə yönəlib. Əlavə olaraq, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə ticarət sahəsi üzrə təxminən 80 milyon dollar dəyərində maliyyə dəstəyi göstərib və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri üçün 250 milyon dolları maliyyə vəsaitini təmin edib. IFC, həmçinin özəl sektorun inkişafına yönəlmiş bir sıra məsləhət xidmətləri layihələrini də həyata keçirib.