Dünya Bankının “Məşğulluğa Dəstək Layihəsi” üzrə qiymətləndirmə missiyası Quba-Xaçmaz Regional Məşğulluq filialında olub
AzerTAg.az
Layihə üzrə aktivlərlə təmin olunan benefisiarlardan bir neçəsinin qurduqları kiçik bizneslərə baxış keçirilib
Bakı, 27 may, AZƏRTAC
Dünya Bankının “Məşğulluğa dəstək layihəsi” üzrə qiymətləndirmə missiyası ölkəmizə səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialında olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, missiyanın üzvləri - Dünya Bankının sosial müdafiə məsələləri üzrə baş mütəxəssisi Mirey Ovadiya, layihənin baş iqtisadçısı Sirma Demir Şeker, sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova, missiyanın digər üzvləri, eləcə də Layihə İcra Qrupunun rəhbəri Fəqan Əsgərov və Layihə İcra Qrupunun üzvü Faiq Sadıqov ilə birgə layihənin komponentləri üzrə görülən işlər müzakirə olunub.
Filialın müdiri Ramal Quluzadə “Məşğulluğa dəstək layihəsi” çərçivəsində bölgədə görülən işlər, benefisiarlar, onların tələbatları, o cümlədən təqdim edilən aktivlər barəsində ətraflı məlumatlar verib.
Benefisiarların məşğulluq imkanları, aktivlər əldə etdikdən sonra bizneslərini necə davam etdirmələri, tələb olunan öhdəlikləri yerinə yetirmələrindən və s. bəhs olunub.
Missiya tərəfindən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində Quba və Xaçmazda aktivlərlə təmin olunan benefisiarlardan bir neçəsinin bu aktivlər hesabına qurduqları kiçik bizneslərə baxış keçirilib.
Hər bir benefisiar layihənin onların biznes imkanlarına yiyələnmələrində mühüm dəstək olmasından razılıq ifadə edib, qurduqları biznesləri daim inkişaf etdirmək əzmi ilə səy göstərdiklərini bildiriblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi ilə tanışlıq olub. KOBİA-nın Quba-Xaçmaz regional koordinatoru Azər Pənahov KOBİA-nın regionda gördüyü işlər, kiçik və orta biznesin inkişafında vətəndaşlara göstərdiyi dəstək barədə ətraflı məlumat verib.





Xəbərin mətnində orfoqrafik səhv var