İQTİSADİYYAT
Dünya Limanları Konfransı zamanı tədbirin təşkilində dəstək olmuş könüllülərlə görüş keçirib
Bakı, 9 iyun, AZƏRTAC
Bakı Limanının rəhbərliyi mayın 8-11-də Bakı şəhərində keçirilən Dünya Limanları Konfransı zamanı tədbirin təşkilində dəstək olmuş könüllülərlə görüş keçirib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın aparıcı universitetlərinin tələbələri olan gənclər əsasən konfransda iştirak edən 50-yə yaxın liman rəhbərlərini müşayiət ediblər.
Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, 65 ölkədən 400-dən artıq qonağın iştirak etdiyi Dünya Limanları Konfransı Mərkəzi Avrasiya məkanında ilk dəfə Azərbaycanda keçirilib və burada qlobal nəqliyyat dəhlizləri, xüsusən də “Bir Kəmər - bir Yol” və “Şimal-Cənub” dəhlizlərinin yük axınının artırılması, dəhlizlərdə Azərbaycanın və Bakı Limanının artan nüfuzu diqqət mərkəzində olub. Baş direktor vurğulayıb ki, ölkəmizin nəqliyyat dəhlizinin tam gücü ilə işləməsi Prezident İlham Əliyevin siyasətində həmişə mühüm yer tutub. Buna sübut isə hələ 2007-ci ildə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşasına dair Prezidentin Sərəncam imzalaması olub. Cari ilin may ayının 14-də isə qeyd olunan limanın rəsmi açılış mərasimi keçirilib.
Mərasimin sonunda könüllülər də çıxış edərək konfransla bağlı öz xatirələrini bölüşüb və onlara müvafiq sertifikatlar təqdim olunub.