ELM VƏ TƏHSİL
Dünya Meteorologiya Təşkilatının baş katibi Qərbi Kaspi Universitetində mühazirə oxuyub
Bakı, 25 aprel, AZƏRTAC
Dünya Meteorologiya Təşkilatının baş katibi Petteri Taalas Qərbi Kaspi Universitetində olub, tələbələr qarşısında mühazirə ilə çıxış edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin fəxri professoru Fikrət Sadıxov qonağa ali təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qərbi Kaspi Universitetində son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələr həyata keçirilib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Universitet, eyni zamanda, ekologiya sahəsi üzrə peşəkar kadr hazırlığı aparır.
P.Taalas Azərbaycanın inkişafı və nailiyyətləri barədə müxtəlif informasiya mənbələrindən məlumat aldığını, Bakıya səfəri zamanı isə bu inkişafa şahid olduğunu bildirib.
Baş katib rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib, “İqlim, fəlakətlər və onların təsirləri” mövzusunda mühazirə oxuyub.
Sonra P.Taalas sualları cavablandırıb. Baş katib tələbələrin mövzuya yanaşmalarını, məlumatlılıq səviyyələrini və təhlil qabiliyyətlərini yüksək dəyərləndirib, onlarla fikir mübadiləsindən məmnunluğunu bildirib.