CƏMİYYƏT
Dünya Səhiyyə Təşkilatının sessiyasında Azərbaycanın reproduktiv sağlamlıq üzrə müsbət təcrübəsi qeyd edilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Dünya Səhiyyə Təşkilatının (DST) Avropa regional komitəsinin Kopenhagendə keçirilən 66-cı sessiyasında iştirak edib.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Sessiyada 53 ölkənin nümayəndələri reproduktiv sağlamlıq sahəsində xidmətlərin gücləndirilməsi, miqrantların sağlamlığının qorunması və qeyri-yoluxucu xəstəliklərlə mübarizəyə dair müzakirələr aparıblar.
Sessiyada Azərbaycan nümayəndələri gündəlikdə olan bir çox məsələlərə dair çıxış ediblər.
Reproduktiv sağlamlıq üzrə 2030-cu ilədək fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, Azərbaycanda QİÇS xəstələrinə dövlət proqramı çərçivəsində 22 adda dərman preparatlarının verilməsi üzv ölkələrinin diqqətinə çatdırılıb.