İDMAN


Dünya çempionatında uğurla çıxış edərək ikinci yeri tutan millimiz Vətənə qayıdıb

Bakı, 29 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada keçirilmiş U-17 dünya çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə millimiz Vətənə qayıdıb.

AZƏRTAC xəbər verir ki, 3 gümüş və 4 bürünc medalla komanda hesabında dünya ikincisi olan yığma komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının rəsmiləri, idmançıların ailə üzvləri, məşqçilər və güləşçilər qarşılayıb.

“Yarışda komanda hesabında 130 xalla dünya ikincisi olduq. İrandan cəmi 5 xal geri qaldıq. Təəssüf ki, 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən güləşçi tapşırıqları layiqincə icra etmədi. Ancaq bu nəticə də yaxşıdır. Çünki heç vaxt U-17 yığmamız dünya çempionatında bu qədər çox xal qazanmamışdı. Gələcəkdə nöqsanlarımızı aradan qaldıracağıq. İnşallah, komanda hesabında dünya çempionu da olarıq”, - deyə böyük məşqçi Taleh İsrafilov bildirib.

Dünya çempionatında ikinci olan Fəraim Mustafayev söyləyib ki, çempionatda 4 görüş keçirdim. Üç qarşılaşmada rəqiblərimə tam üstünlüklə qalib gələrək finala yüksəldim. Qızıl medal qazanacağımı gözləyirdim. Məşqçilər də məndən çempionluq gözləyirdi. Ancaq bəzi səhvlərə görə finalda uduzdum və gümüş medal qazandım. Səhvlərim üzərində işləyib, gələcəkdə qızıl medal əldə etməyə çalışacağam.

“Avropa çempionatında olduğu kimi, dünya çempionatında da gümüş medal qazandım. Finalda Gürcüstan güləşçisi ilə qarşılaşdım. Bəzi səhvlərə görə dünya çempionu ola bilmədim. Gələcəkdə gümüşü qızıl medalla əvəzləməyə çalışacağam”, - deyə dünya çempionatının ikincisi Davud Məmmədov qeyd edib.

Dünya çempionatında ikinci pilləyə yüksələn İsmayıl Rzayev isə bildirib ki, mundialda 4 qələbə qazanaraq finala yüksəldim. Ancaq həlledici görüşdə Türkiyə güləşçisinə məğlub oldum. Açığı, bəzi hakim səhvləri də rol oynadı. Hakimlər bəzi qərarları ilə Türkiyə güləşçisinə kömək etdilər.

“Çempionatda 7 medal qazanmaqla komanda hesabında ikinci yeri tutduq. Bu qələbəmizi şəhidlərimizə həsr edirik. Zəhmət çəkən məşqçilərimizə və bizim üçün hər bir şəraiti yaradan federasiya rəhbərliyinə təşəkkürümüzü bildiririk”, - deyə dünya üçüncüsü Məzaim Mərdanov vurğulayıb.

Xatırladaq ki, mundialda Fəraim Mustafayev (55 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq) və Məzaim Mərdanov (110 kq) bürünc medal qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.