İDMAN
Dünya çempionu Oleq Krapivinin şərəfinə Şamaxıda keçirilmiş sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turnirinin qalibləri müəyyənləşmişdir VİDEO
Bakı, 17 iyun (AZƏRTAC). Şamaxı Olimpiya İdman Kompleksində veteran güləşçi, dünya çempionu Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə yeniyetmələr arasında II Respublika turniri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov sərbəst güləşin təbliğində və inkişafında xidmətləri olan, bütün ömrünü idmana, eləcə də Azərbaycan-Ukrayna ictimai-mədəni əlaqələrinin inkişafına sərf edən şəxs kimi Oleq Krapivinə Federasiya adından xatirə plaketi təqdim etmişdir.
Turnirdə veteran güləşçilər arasında yoldaşlıq görüşü də təşkil olunmuşdur. Görüş arenaya toplaşan azarkeşlər tərəfindən maraqla qarşılanmışdır.
Respublika turnirində müxtəlif bölgələrdən, klub və cəmiyyətlərdən 400-ə yaxın güləşçi mübarizə aparmışdır. Yarışda Səxavət Qarayev (26 kq), Süleyman Mirzəyev (29 kq), Zirəddin Bayramov (32 kq), Tofiq Əliyev (35 kq), Əsgər Məmmədəliyev (38 kq), Əşrəf Aşurov (42 kq), Zakir Əsədullayev (47 kq), Rakif Emilov (53 kq), Xəyal Poladov (56 kq), Hüseyn Əmir (59 kq), Səid Abbasov (63 kq), Abdulxaliq Quluzadə (66 kq) və Fəhmin Mehdiyev (70 kq) fəxri kürsünün ən yüksək pilləsində yer almışlar.
Qalib və mükafatçılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.