MƏDƏNİYYƏT
Dünya şöhrətli pianoçu Adilə Əliyeva ilə görüş
Bakı, 3 noyabr, Flora Şükürova, AZƏRTAC
Noyabrın 3-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli pianoçu Adilə Əliyeva ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova çıxış ediblər. Bildirilib ki, Azərbaycanın Əməkdar Artisti, uzun illərdir Fransada yaşayan dünya şöhrətli pianoçu Adilə Əliyeva Bakıda anadan olub, sonradan Moskvaya köçərək P.Çaykovski adına Konservatoriyada təhsil alıb. İyirmi beş ilə yaxındır ki, Fransada yaşayır. Görkəmli pianoçu 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk yazdırıb. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmvətənimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. Adilə Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir.
Tədbir iştirakçılarını salamlayan Adilə Əliyeva Bakıya gəlməsindən məmnun olduğunu bildirib. O, yaradıcılıq planlarından söhbət açıb və dünya klassiklərinin əsərlərindən parçalar səsləndirib.