DÜNYA
Dünyada 6,7 milyondan çox insan koronavirusa yoluxub
Bakı, 5 iyun, AZƏRTAC
Son sutka ərzində dünyada koronavirus infeksiyası səbəbindən ölənlərin sayı 5 min 511 nəfər artaraq 393 min 264 nəfərə çatıb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 11:50-yə olan məlumata əsasən, iyunun 4-də daha 129 min 998 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb və bununla da yoluxanların sayı 6 milyon 705 min 588 nəfərə çatıb. Eyni zamanda, 3 milyon 253 min 211 xəstə sağalıb, müalicəsi davam edən 3 milyon 59 min nəfərdən 55 min 457-nin vəziyyəti ağır qiymətləndirilir.
Dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb. Burada koronavirusa yoluxanların sayı 1 milyon 924 min 189 nəfərdir. Bu göstəriciyə görə ABŞ-ın ardınca böyük fərqlə Braziliya (615 min 870 nəfər), Rusiya (441 min 108 nəfər), İspaniya (287 min 740 nəfər), Böyük Britaniya (281 min 661 nəfər) və İtaliya (234 min 13 nəfər) gəlir.
ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 110 min 179 nəfər. Birləşmiş Krallıqda 39 min 904, Braziliyada 34 min 39, İtaliyada 33 min 689, Fransada isə 29 min 65 nəfər koronavirus səbəbindən həyatını itirib. Ölənlərin sayına görə altıncı yerdə qərarlaşan İspaniyada bu göstərici 27 min 133 nəfər təşkil edir.
Saytda yerləşdirilən məlumata görə, ötən sutka ərzində dünya əhalisi arasında ölüm səviyyəsi hər bir milyon insana nisbətdə orta hesabla 50,4 nəfər olub. Bu göstərici Böyük Britaniyada 588, İspaniyada 580, İtaliyada 557, Fransada 445, ABŞ-da 333, Braziliyada 160, Peruda 153, Almaniyada 104, İranda 96, Türkiyədə isə 55 nəfərə çatıb.