DÜNYA
Dünyanın ilk hava avtomobil sistemi İsrailin Tel-Əviv şəhərində qurulur VİDEO
Bakı, 5 iyul (AZƏRTAC). Dünyanın ilk hava avtomobil sistemi İsrailin Tel-Əviv şəhərində qurulur. Bu sistem avtomobillərin havada quraşdırılmış relslər vasitəsilə hərəkətini nəzərdə tutur.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sistemi “SkyTran” şirkəti tətbiq edir. Sınaq məqsədi daşıyan bu layihə uğurla yekunlaşarsa, şəhərdə hava relslərinin geniş şəbəkəsi qurulacaqdır. 2015-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulan bu layihəyə əsasən əvvəlcə nəqliyyatın sıx olduğu ərazilərdə iki nəfərlik maşınlardan istifadə ediləcəkdir. Layihə çərçivəsində sərnişinlər “ağıllı telefon”lar vasitəsilə maşın sifariş edə, dayanacaqdan-dayanacağa gedə bilərlər.
Maşınlar saatda 70 kilometrə qədər sürətlə hərəkət edəcəkdir. Ticarət məqsədli nəqliyyat vasitələrində isə sürətin 240 kilometrədək çıxacağı bildirilir.
“SkyTran”ın Hindistan, ABŞ və digər ölkələrdə də oxşar layihələri vardır. Bu layihələr İsraildəki pilot proqramı müvəffəqiyyətlə başa çatacağı təqdirdə həyata keçiriləcəkdir.