MƏDƏNİYYƏT
Dünyanın şəhərləri: London VİDEO
Bakı, 4 iyul (AZƏRTAC). Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) “Dünyanın şəhərləri” layihəsi bu dəfə Böyük Britaniyanın paytaxtı Londondan bəhs edir.
Süjetdə bu qədim şəhərin tarixi, görməli yerləri, qədim tikililəri barədə məlumat verilir. Qeyd edilir ki, paytaxt kimi iki min il tarixi olan London əvvəlcə Roma Britaniyasının, sonralar İngiltərə və Böyük Britaniya krallığının əsas şəhəri olmuşdur. İngilis və Britaniya kralları əsas etibarilə ölkəni Londondan idarə etmişlər. Hazırda da bütün hakimiyyət orqanları paytaxt Londonun Vestminster sahəsində yerləşir.
Reportajda Londonun məşhur “Biq-Ben” saatı haqqında məlumat verilir. Bildirilir ki, bu, dünyada zamanı dəqiq göstərən yeganə saatdır. Britaniyanın rəmzi sayılan bu saata çox vaxt “Müqəddəs Stefan qülləsi” də deyilir. Saatın sağ və sol tərəfində latın dilində “Tanrıya şükür” yazılmışdır.
AZƏRTAC-ın təqdim etdiyi videotanıtımda, həmçinin Londonun Viktoriya və Albert Muzeyi, Kral Botanika Bağı, Bukingem Sarayı və s. yerləri barədə də ətraflı məlumat verilir.