REGİONLAR
Düşmən təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır
Ağdam, 25 iyun, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Harri Okonnor iyunun 25-də Ağdam rayonunda olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər barədə məlumat verilib. Ağdam Rayon İcra Hakimiyyəti başçısı Vaqif Həsənov bildirib ki, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.
Diqqətə çatdırılıb ki, sonuncu monitorinqin keçirildiyi fevralın 27-dən indiyədək mülki əhalinin yaşadığı ərazilərdə 161 dəfə atəşkəs pozulub. İyunun 20-də Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunun işğal altında olan Baş Qərvənd kəndində törətdiyi yanğınlar təmas xətini keçərək Mirəşelli kəndi ərazisinə yayılıb. Yanğın nəticəsində Mirəşelli kənd qəbiristanlığı tamamilə yanıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi səmimi qəbul və ətraflı məlumat üçün təşəkkür ediblər.