REGİONLAR
Düşmənin artilleriya atəşi nəticəsində Tərtər rayonunda 20 evə ziyan dəyib VİDEO
Tərtər, 26 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı birləşmələrinin aprelin 25-dən 26-na keçən gecə başlayan artilleriya atəşi nəticəsində Tərtər rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata görə, Tərtər şəhərində 4, Qaraağacı kəndində 2, Həsənqaya kəndində 6, Qazyan kəndində 6, Qaynaq kəndində 2 evə, həmçinin Şuşa polisinin inzibati binasına, 1 minik avtomobilinə ziyan dəyib.
Bundan başqa, rayonun elektrik və qaz təsərrüfatına da ziyan vurulub. Belə ki, 110 kilovoltluq Naftalan-Tərtər, 35 kilovoltluq İsmayılbəyli, 6 kilovoltluq Şıxarx, 6 kilovoltluq 3, 6, 10 nömrəli Tərtər şəhər hava elektrik xətləri, Qazyan kəndi ərazisində 2 ədəd qaz sayğacı və fərdi tənzimləyici, 50 metr qaz borusu sıradan çıxıb.
Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 3 baş iribuynuzlu heyvan, 1 at tələf olub, Səhləbad, Seydimli, Şıxarx, Cəmilli, Dəmirçilər kəndlərinin əkin sahələrinə 70-dək mərmi düşüb.
Hazırda rayona dəymiş ziyan dəqiqləşdirilir.