REGİONLAR
Düşmənlə sərhəddə yerləşən Qazaxda şəhidlərimiz ehtiramla anılıb VİDEO
Qazax, 4 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Qazax rayonunda da ehtiramla yad edilib. Saat 12:00-da rayonun bütün ərazisində bir dəqiqəlik sükut elan olunub, avtomobillərin və piyadaların hərəkəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, həmin gün Qazax cümə məscidində şəhidlərin ruhuna dualar və “Qurani- Kərim”dən ayələr oxunub, Vətən müharibəsində həlak olanların xatirəsi hörmətlə anılıb.
Qazaxlılar torpaqlarımızın işğaldan azad olunması yolunda canlarından keçən igidlərlə fəxr etdiklərini söyləyirlər. Deyirlər ki, bu möhtəşəm qələbə şəhid qanı bahasına, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində qazanılıb. Qəhrəman Vətən övladlarının xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Həmsöhbət olduğum rayon sakini Gəray Məmmədov deyir: “Şəhid qardaşıyam. Bu gün şəhidlərimizi andıq. Qarabağımız mənfur düşməndən azad olundu. Ali Baş Komandanımızın qətiyyəti, xalqımızın birliyi nəticəsində Qələbə əldə etdik”.
Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralı hərbçilərimizə şəfa versin!