REGİONLAR
Duyğu və hisslərini rənglər vasitəsilə çatdıran gənc rəssam FOTO VİDEO
Siyəzən, 31 may, Elxan Yusifli, AZƏRTAC
Ayşən Novruzova Siyəzəndə istedadı ilə seçilən gənc rəssamlardan biridir. Eşitmə və nitq məhdudiyyətli Ayşənin rəsmləri ilə yanaşı, toxuculuğa aid, həmçinin muncuqlardan, balıqqulağı və daşlardan hazırladığı maraqlı əl işləri də diqqət çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruzova Ayşən Fəxrəddin qızı 2002-ci ildə Siyəzən şəhərində anadan olub. körpəlikdən ağıllı, sakit, dərin düşüncəyə malik bir uşaq kimi diqqət çəkib. 5 yaşı olanda artıq toxumağa, rəsmə maraq göstərib. İstedadı ilə yaşıdlarından fərqlənən Ayşən təhsilini Siyəzən şəhər 5 nömrəli tam orta məktəbdə alıb. Daha sonra Siyəzən Uşaq İncəsənət Məktəbində rəsm çəkməyin sirlərini öyrənib.
Ayşən əsərlərini sulu boya ilə işləyir. O, rəsmlərinin ideya və mövzusunu təbiətdən, müşahidə etdiyi həyat hadisələrindən götürür. Bu duyğu və hisslər sonradan rənglərin köməyi ilə vərəqlərə köçürülür.
Gözəlliyi dərindən duyub yaşamaq və gördüklərini tablolarda ifadə etmək bacarığı olan Ayşən Novruzova bir çox sərgilərin iştirakçısı, həmçinin respublika müsabiqələrinin qalibi olub.
İstedadlı yeniyetmənin çəkdiyi rəsm əsəri hətta Misir Ərəb Respublikasında təşkil olunan müsabiqəyə də göndərilib.
Ayşənin atası Fəxrəddin Novruzov bildirib ki, qızı anadangəlmə eşitmək və danışmaqdan məhrum olsa da, düşüncələrini əsərlərdə canlandırmağı bacarır. “Ayşən uşaq olandan yaradıcılığa maraq göstərib. Anası toxucu olduğundan onun əlinə baxıb öyrənirdi. Həyətdə oynayanda belə daşlarla, qumla nəsə yaradırdı. İncəsənət məktəbinə getdikdən sonra daha peşəkar şəkillər çəkməyi öyrəndi. Bir çox uğurlar qazanıb. Əlilliyi olan şəxslərin X Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində birinci yeri tutub. Ölkəmizdən kənarda da sərgilərdə əsərləri nümayiş etdirilib”, - deyə Ayşənin atası vurğulayb.
Ayşənin indi özünəməxsus emalatxanası var. Bu emalatxanada yeni əsərlər yaratmaqla bərabər istedadlı uşaqlara rəssamlığın sirlərini öyrədir.