ELM VƏ TƏHSİL
EKSPERİMENTAL QRUPUN İLK BURAXILIŞI OLMUŞDUR
Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Klaus Qrevlix “Mədəniyyətlərin tərcümə vasitəsilə ötürülməsi - Avropanın dil sistemi varmı?” mövzusunda məruzə etmişdir.
Rur Universitetinin professoru xanım İ.Şvedtfeger, səfirliyin mədəniyyət üzrə katibi Kristofer Fuks, təhsil naziri Misir Mərdanov, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycandakı nümayəndəsi xanım Ulrike Mitter, Azərbaycan Dillər Universitetinin prorektoru Natiq Yusifov və başqaları qeyd etmişlər ki, Azərbaycan Dillər Universitetinin Boxum Rur Universiteti ilə əlaqələri 7 ildir davam edir. Boxumdakı Germanistika İnstitutu ilə Azərbaycan Dillər Universitetinin alman dili pedaqoji fakültəsi arasındakı əməkdaşlıq layihəsinə bu il yekun vurulur. DAAD-ın maliyyələşdirdiyi bu əməkdaşlıq çərçivəsində azərbaycanlı alman dili müəllimlərinə Boxum Universitetində metodika sahəsində ixtisasartırma, bir semestr müddətində isə təhsil və praktika keçmək imkanı verilir. DAAD-ın dəstəyi ilə 1999-cu ildə alman dili fakültəsində xüsusi dil tədris metodikasına əsaslanan eksperimental qrup yaradılmışdır. Həmin qrupun ilk məzunlarının buraxılışı bir daha ölkələrimiz arasında əməkdaşlığın davam edəcəyini göstərir.
Toplantıda dilçilik sahəsində əlaqələrin genişlənməsi üçün Azərbaycanın bəzi orta məktəblərində aşağı siniflərdən başlayaraq alman dilinin tədrisinə dair danışıqlar aparılmışdır.