İQTİSADİYYAT
ELEKTRİK XƏTTİNDƏ NASAZLIQ TEZLİKLƏ ARADAN QALDIRILMIŞDIR
Noyabrın 4-də respublikanın cənub rayonlarını elektrik enerjisi ilə təmin edən 220 kilovoltluq üçüncü Masallı yüksək gərginlikli elektrik verilişi xəttində qısa müddətli nasazlıq yaranmışdı.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, buna səbəb xəttin həddindən artıq yüklənməsi olmuşdur. Əli Bayramlı DRES-in və yüksək gərginlikli şəbəkənin təmir briqadasının operativ işi nəticəsində xəttdə nasazlıq aradan qaldırılmışdır. Təmir vaxtı bölgəyə elektrik enerjisinin verilməsi 110 kilovoltluq xətlər vasitəsilə təmin edilmişdir.
Məlum olduğu kimi, havaların soyuması ilə əlaqədar əhalinin elektrik enerjisinə olan tələbatı artır. Bunun da əsas səbəbi elektrik qızdırıcılarından istifadə olunmasıdır. Nəticədə yüksək gərginlikli xətlər və transformatorlar həddindən artıq yüklənərək bu cür nasazlıqlar yaradır.