SİYASƏT
ERMƏNİSTANIN MÜXALİFƏT PARTİYALARI PREZİDENT SEÇKİLƏRİNİN GEDİŞİNDƏ POZUNTULAR OLDUĞUNU BƏYAN EDİRLƏR
Arminfo informasiya agentliyinin məlumatına görə, Ermənistanın müxalifət partiyalarının liderləri prezident seçkilərinin gedişində pozuntular olduğunu bildirirlər. Milli Demokrat Partiyasının lideri Şvarş Koçaryan jurnalistlərə seçki məntəqələrində ciddi saxtakarlıqlara yol verildiyini demişdir. O, buna misal kimi, Paytaxt polkunun səs verdiyi seçki məntəqələrinin birində “qırmızı mürəkkəbli möhürün” dəyişdirildiyini bildirmişdir.
Prezidentliyə namizədlərdən biri Stepan Dəmirçyan jurnalistlərin suallarına cavabında demişdir ki, artıq səhərdən pozuntular barədə siqnallar daxil olmağa başlamışdır. Səsverməyə gələnlərin çoxunun soyadı seçki siyahılarında olmamışdır. Məsələn, Ermənistanın Belarusdakı səfiri Suren Arutyunyan siyahılarda öz adını tapa bilməmişdir. Ən qəribəsi isə odur ki, Yerevan şəhərinin mərkəzində yerləşən və müşahidəçilərin, KİV nümayəndələrinin iştirak etdikləri seçki məntəqəsinə gələn ilk seçici siyahıda öz adını tapa bilməmişdir.
Arminfo agentliyi Ermənistan Ədliyyə Nazirliyinə istinadən xəbər vermişdir ki, 1224 seçici seçki hüquqlarının bərpa olunması üçün paytaxt məhkəmələrinə, 1319 seçici isə vilayət məhkəmələrinə müraciət etmişdir.