ELM VƏ TƏHSİL
ERMƏNİ TARİXÇİLƏRİNİN YALANLARINI İFŞA EDƏN KİTAB
Bu cilddə kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, daşüstü və arxeoloji yazılara, kilsə ədəbiyyatına, rus, erməni və gürcü arxeoloqlarının aşkarladıqları zəngin maddi-mədəniyyət nümunələrinə və s. dəlillərə tarix və tarixilik kontekstindən yanaşılır.
Müəllif Azərbaycan türklərinin ulu əcdadlarının ölməz abidəsi “Avesta”ya, qədim yunan tarixçisi və yazıçısı Ksenofontun, “Coğrafiya” əsərinin müəllifi, qədim yunan tarixçisi və coğrafiyaşünası Strabonun, digər qədim yunan və Roma yazıçılarının Qafqaza dair məlumatlarına, eləcə də tarixçi və arxeoloq, akademik Boris Piotrovskinin “Urartunun tarixi və mədəniyyəti” əsərinə, “Tarix-filologiya” jurnalının redaksiyasına 1971-ci ildə yazdığı məktuba, Lev Qumilyovun “Qədim türklər” kitabına və başqalarının Qafqaz Albaniyasının qədim tarixi, sərhədləri, burada məskunlaşmış tayfalar, dini görüşləri haqqında əsərlərinə, fikirlərinə əsaslanaraq, ermənilərin Cənubi Qafqaz regionuna gəlmə olduqlarını faktlarla sübut edir.
Müxtəlif dövrlərdə yaşamış erməni tarixçilərinin əsərlərindən bir-birini inkar edən çoxsaylı fikirlərin də verildiyi kitabda müəllif onların özlərini Qafqazın “qədim xalq”ı olduqlarını sübut etmək üçün əzəli Oğuz torpaqlarındakı qədim türk məskənlərinin, abidələrinin, məbədlərinin və s. milli sərvətlərimizin adlarını və mahiyyətlərini son yüzillikdə süni şəkildə dəyişdirmələri və onların guya “erməni tarixi”nə məzsusluğunu iddia etmələri ilə əlaqədar kifayət qədər faktı diqqətə çarpdırır. Sərsəm “Böyük Ermənistan” xülyası ilə yaşayan mənfur qonşularımızın məkrli planlarının qarşısını almaq üçün Azərbaycan xalqını daim sayıq olmağa çağırır.